Elektromobilin sakit səsi yeni bir problem yaradır: piyadalar və velosipedçilər avtomobilin haradan gəldiyini tez-tez anlaya bilmirlər.
İsveçdə yerləşən Çalmers Texnologiya Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, insanların AVAS xəbərdarlıq siqnalını tanıması çətindir — xüsusilə ətrafda bir neçə elektromobil olduqda.
AVAS — elektromobillərin xəbərdarlıq səs sistemi olub, aşağı sürətlərdə süni səs çıxarır ki, piyadalar və velosipedçilər onları vaxtında hiss edə bilsinlər.
Hazırda Avropa, Çin və Yaponiyada elektromobillər 20 km/saat sürətə qədər xəbərdarlıq səsi çıxarmalıdır. ABŞ-da isə bu hədd 30 km/saatdır. Lakin bu siqnallar laborator şəraitdə, səssiz mühitdə test olunur. Reallıqda isə küçələr müxtəlif səslərlə doludur.
Eksperiment necə aparıldı
İştirakçılar 24 dinamiklə əhatələnmiş səs keçirməyən otağın mərkəzində dayanıblar.
Onlara üç növ siqnal səsləndirilib: iki tonlu, çoxtonlu və səs-küyə bənzər siqnal, həmçinin daxili yanma mühərrikinin (DYM) səsi.
Tapşırıq — səsin haradan gəldiyini tez bir zamanda müəyyən edib lazer göstərici ilə istiqaməti göstərmək idi.
Nəticələr
Üç avtomobildən eyni anda gələn iki tonlu siqnal iştirakçıları çaşdırıb. Heç kim 10 saniyə ərzində səsin istiqamətini düzgün müəyyən edə bilməyib.
Müqayisə üçün, daxili yanma mühərrikinin səsini insanlar dərhal tanıyıblar.
Niyə belə olur
DYM səsi müxtəlif tezlikli qısa impulslardan ibarətdir — bu səsi tanımaq asandır. Elektromobilin monoton siqnalı isə (xüsusilə tək tezlikdə) insan qulağı tərəfindən daha çətin qəbul olunur.
Qeyd edək ki, eksperiment laboratoriya şəraitində, səssizlikdə aparılıb. Reallıqda, məsələn, küləkli gündə və ya izdihamlı küçədə bu siqnallar daha da zəifləyəcək.
Hazırda alimlər insanların müxtəlif siqnal tiplərinə real şəraitdə necə reaksiya verdiklərini araşdırırlar. Ola bilsin, gələcəkdə daha effektiv və rahat yeni bir standart hazırlanacaq.